Sürətlə inkişaf edən qlobal iqtisadi mühit və əmək bazarının dəyişən tələbləri gənc mütəxəssislərin yalnız akademik biliklərlə deyil, həm də real iş təcrübəsi və bacarıqlarla təmin edilməsini zəruri edir. Bu kontekstdə Universitet-Biznes əməkdaşlığının gücləndirilməsi, universitetlərin elmi-tədqiqat potensialı və nəzəri bazasının biznes sektorunun praktik təcrübə, maliyyə və məşğulluq imkanları, eləcə də əməyə real tələbat yaratma qabiliyyəti ilə birləşərək yeni dəyərlər yaratması xüsusilə əhəmiyyətlidir. Bu əməkdaşlığın əsas məqsədi təhsili və tədqiqatı iqtisadi və sosial ehtiyaclarla uzlaşdıraraq universitet və biznes sektoru arasındakı boşluğu aradan qaldıran körpü yaratmaqdır. “BERC&Partners” ilə Bakı Mühəndislik Universiteti arasında Universitet-Biznes Əməkdaşlığı layihəsi çərçivəsində memorandum imzalandı. Bu Memorandumda Bakı Mühəndislik Universiteti (BMU) və “BERC&Partners” şirkətinin həyata keçirəcəyi birgə fəaliyyətləri, xüsusilə aşağıdakı istiqamətləri əhatə edən fəaliyyət planı razılaşdırıldı:
- Biznes layihələrin yaradılması və inkişaf etdirilməsi, xüsusi ilə Universitet, Maliyyə İnstitutu, İdarəetmə Operatorunun dəstəklədiyi İnkubasiya və Akselerasiya fəaliyyətlərinin nəticəsi olan layihələr;
- Təhsil, tədqiqat və texnologiya inkişafı sahələrində innovasiya fəaliyyətlərinin Universitet ilə birgə həyata keçirilməsi;
- Bakı Mühəndislik Universiteti tələbələrinin “BERC&Partners”-də və ya onun portfel layihələrində müxtəlif təcrübə proqramlarına cəlb edilməsi;
- Qarşılıqlı razılaşma ilə “BERC&Partners”-in mütəxəssis və təlimçi heyətinin Bakı Mühəndislik Universitetinin tədris fəaliyyətlərində qonaq müəllim qismində cəlb olunması;
- Tələbələri “BERC&Partners”-in fəaliyyəti və mövcud kadr tələbatı haqda məlumatlandırmaq məqsədilə Bakı Mühəndislik Universitetində “Karyera günləri”nin keçirilməsi.
Layihənin idarəetmə operatoru “BERC&Partners” şirkətinin nəzdində fəaliyyət göstərən “Universitet Biznes Əməkdaşlığı Mərkəzi“-dir (UBƏM). UBƏM akademik institutlar və biznes sektoru arasında ələqalər quran, cəmiyyətin və iqtisadiyyatın real problem və ehtiyaclarını müəyyənləşdirən və ya həll yolları təqdim edən layihələrin birgə həyata keçirilməsini təşkil və idarə edən, layihələrin maliyyələşmə modellərinin işlənməsini həyata keçirən layihə idarəetmə və tədqiqat mərkəzidir.



